Mingəçevir şəhərində 27 yaşılı sakin Bəhruz Hacıyevin ölüm faktı ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadə həbs edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Ş.Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Öncə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin məlumatına əsasən, avqustun 20-də Mingəçevirdə Bəhruz Hacıyevin ölümü ilə bağlı istintaqın gedişi Azərbaycan prezidenti İlham Əliyevin nəzarətindədir.
Şəhər polisinin məlumatına görə, B.Hacıyev ölümünə özünə qəsd etməsi səbəb olub. Lakin həlak olan şəxsin qohumları onun zorakılıqla öldürüldüyünü bəyan ediblər. Avqustun 22-də B.Hacıyevin dəfn mərasimindən sonra bir qrup sakin şəhərin mərkəzi hissəsində razılaşdırılmamış yürüş keçirməyə cəhd göstərib.
İctimai asayişi pozan 21 nəfər saxlanılıb. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yarasız hala salınıb.
Sonra DİN və Baş Prokurorluq birgə bəyanatla çıxış edərək, daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, Şahlar Şahlarzadənin vəzifə təlimatının tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edildiyini bildiriblər.
“Müəyyən edilib ki, həmin orqanın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub. Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə vəzifə təlimatının tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib”, - deyə bəyanatda deyilir.
Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova "şiddətli töhmət" elan olunub.
R.Babayev