Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisə bu ilin noyabr ayında keçiriləcək növbəti seçkilərdə iştirak etmək üçün fəallarının siyahısını müəyyən edib. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib.
“Artıq seçki kampaniyamızda iştirak edəcək partiya fəalları demək olar ki, müəyyənləşdirilib. Buraya namizədlər üçün imza toplayacaq şəxslər, məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, təbliğat qrupları və s. daxildir”,- deyə S.Novruzov “AzərTac” dövlət agentliyinə müsahibəsində bildirib.
“Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin qeydiyyata alınması üçün imza toplayacaq 1250 şəxs müəyyənləşib. Seçki Məcəlləsinə əsasən, namizədin qeydiyyata alınması üçün 450 seçici imzası toplanmalıdır”,- deyə deputat söyləyib.
“Ona görə də 125 seçki dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs təhkim etmişik. Nəzərdə tutmuşuq ki, bir imza vərəqini partiyanın fəallarından biri götürsün və imza toplasın”,- deyə o əlavə edib.
R.Babayev