SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyində (SOCAR-ın neft hasilatı üzrə strukturu - İF-Az) maliyyə hesabatlarında SAP ERP sisteminin bir sıra modullarını tətbiq edib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Avqust ayından etibarən SAP sisteminin ilkin mərhələsində “Azneft” İB-də İstehsalatın planlaşdırılması (PP-Production planning), Təmir və quraşdırma (PM-Plant maintenance) biznes prosesləri üzrə təsərrüfat əməliyyatlarının istismarına başlanılıb”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, bazaar ertəsi “Azneft” İstehsalat Birliyində SAP ERP sisteminin istismarına başlanması ilə əlaqədar müşavirə keçirilib.
Birliyin baş direktoru Daşqın İskəndərov müşavirədə bildirib ki, 2008-ci ildən başlayaraq SOCAR-da Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tətbiqi və uçot işinin avtomatlaşdırılması məqsədilə SAP ERP sisteminin Fİ, HR, MM/SD modulları, Fİ modulunun xəzinədarlıq altmodulunun tətbiqi uğurla başa çatdırılıb.
“Hazırda BPC idarəetmə uçotu modulunun, CO kontrolinq modulunun, PP, PM, PS, QM istehsalat modullarının və elektron sənəd dövriyyəsi olan Opentext modulunun tətbiqi ilə əlaqədar intensiv iş aparılır. Bu məqsədlə məsləhətçi şirkət olan “Pricewaterhouse Coopers” ilə sıx əməkdaşlıq əlaqələri qurulub”, - deyə məlumatda qeyd olunur.
N.Abbasova