“Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyəınin Qars vilayətinin Sarıqamış rayonu ərazisində bazar ertəsi saat 22:00 –da partlayış baş verib. Bu barədə Türkiyə KİV-ləri məlumat verir.
100 metrə çatan alov dilləri bir neçə kilometr uzaqdan görünüb. Hələ ki, partlayışın səbəbi müəyyən edilməyib. Sarıqamış rayonunun qubernatoru Yusuf İzzət Qaraman bunun sabotaj ola biləcəyini istisna etmir. O KİV-lərə bildirib ki, qaz kəmərinin klapanı bağlanıb və yanğın söndürülmək üzrədir. İnsidentlə bağlı araşdırma aparılır.
KİV-lər Qars vilayətinin qubernatoru Günay Özdəmirə istinadən bu rayonda qaz kəmərinin partladılmasının PKK təşkilatının terror hücumu olduğunu bildiriblər.
G.Özdəmirin sözlərinə görə, partlayış törədilmiş regionda bütün təhlükəsizlik tədbirləri görülüb.
Xəbər verildiyi kimi, qaz kəmərinin Türkiyə hissəsinin operatoru BOTAS şirkətidir.
Bu Bakı-Tbilisi-Qars qaz kəmərinin Türkiyədən keçən hissəsində, Sarıqamış rayonunda baş verən ikinci partlayışdır. Birinci partlayış 2015-ci il avqustun 3-də baş vermişdi.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
N.Abbasova