Bakı İslam Əməkdaşlıq Təşkilatını (İƏT) İslam dünyasının üzləşdiyi problemlərin həlli üçün vacib mexanizm hesab edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşdə bəyan edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edib.
O, xüsusilə Avropada olmaqla, İslamafobiya meyllərinin artmasına münasibətdə narahatlığı ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə bu məsələni qaldırdığını söyləyib.
Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan E.Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırıb.
Nazir İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirildiyini həmsöhbətinin diqqətə çatdırıb.
Öz növbəsində, İyad bin Amin Mədəni I Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqdar Azərbaycanı təbrik edərək, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.
İyad bin Amin Mədəni Bakının təşkilatın qarşısında duran iqtisadi, siyasi və humanitar hədəflərin həyata keçirilməsində verdiyi töhfələri yüksək qiymətləndirib.
Görüşdə həmçinin İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər müzakirə olunub.
F.İsazadə