“Azərsu” Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işləri sürətləndirib. Bu barədə ASC-nin məlumatında deyilir.
İşlər İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” (Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtər) çərçivəsində aparılır.
Gədəbəydə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilib.Su mənbəyindən şəhərə çəkiləcək 14,8 km uzunluğunda magistral su kəmərinin 13 km-lik hissəsi inşa edilib. Şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500 kubmetr olan 7 ədəd anbar tikiləcək. Hazırda 3 ədəd anbarın inşası davam etdirilir. Layihə çərçivəsində Gədəbəy şəhərində 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq.
2016-cı ilin sonuna qədər bu işlərin başa çatdırılması nəzərdə tutulur. Layihənin 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11,5 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıbh. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaq”, - deyə məlumatda qeyd olunur.
Həmçinin ASC 2015-ci ildə Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti quraşdırma işlərinə başlanılmışdır. Qazax və Samux şəhərləri üzrə layihələrin icrasına hazırlıq görür.
N.Abbasova