Bakı rusiyalı blogger Erik Davidoviç Kituaşvilinin Azərbaycana buraxılmaması səbəblərini açıqlayıb.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata əsasən, Rusiya Federasiyasından Gürcüstandan keçməklə Azərbaycana gələn Rusiya vətəndaşı Erik Davidoviç Kituaşvilinin idarə etdiyi “BMV” markalı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda gömrük baxışı həyata keçirilib. Gömrük baxışından öncə E.Kituaşvili avtomobilində olan video çəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim edib.
“Vətəndaş E.D.Kituaşvilidən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunan zaman o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirib”, - deyə “AzərTAc” agentliyi DGK-ya istinadən bildirib.
Qeyd olunub ki, E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, “lakin o, geri qayitmağa qərar verib”.
DGK qeyd edir ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda E.D.Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilib.
“O da, öz növbəsində heç bir etirazının olmadığını bildirib və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanıb”, - deyə məlumatda deyilir.
F.İsazadə