Parisin Rusiyaya “Mistral” helikopter daşıyıcılarının satışından imtina edilməsinə dair qərarına görə ödəyəcəyi ümumi kompensasiya 1 mlrd. avrodan az deyil. Bu barədə çərşənbə günü Fransa hökumətinin nümayəndəısi Stefan Le Fol məlumat verib.
“Söhbət təxminən 1 mlrd. avrodan gedir”,- deyə o, Nazirlər Şurasının iclasından sonra jurnalistlərə bildirib. İclasda RF-ilə bağlanmış “Mistral” helikopter daşıyıcılarının tədarükünə dair sazişdən imtina edilməsi məsələsi müzakirə olunub.
Fransa hökumətinin nümayəndəsi bildirib ki, ödənişlər Rusiya tərəfinin xərclərini kompensasiya edəcək. “Lazım olandan artıq heç bir məbləğ ödənilməyəcək”- deyə o əlavə edib.
Daha öncə Fransanın maliyyə naziri Mişel Sapen oxşar məbləğdə ödəniş ediləcəyini bildirmişdi.
S.La Fol Fransanın Rusiyaya ödəməli olduğu məbləği dəqiq qeyd etməyib. O xatırladıb ki, bu rəqəm parlamentdə dinləmələr zamanı səsləndiriləcək, öncə Rusiyaya “Mistral”ların satışından imtina edilməsinə dair qanun layihəsi gözdən keçirilməlidir. Fransa hökumətinin sentyabr ayında sözügedən sənədi nəzərdən keçirməsi gözlənilir.