“SOCAR Turkiye Enerji”( SOCAR şirkətinin törəmə strukturu) Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikinti layihəsinin yeni səhmdarı olacaq.
Bu barədə cümə axşamı İstanbulda keçirilmiş mətbuat konfransında “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Kənan Yavuz məlumat verib.
"SOCAR Turkiye Enerji TANAP layihəsində 7% pay sahibi olmaqla bu layihənin səhmdarı olmağı plnalaşdırır”,- deyə o qeyd edib.
K. Yavuzun sözlərinə görə, səhmlər SOCAR şirkətindən əldə ediləcək.
“Danışıqlar ilkin mərhələdədir, buna görə də hər hansı təfərrüat barədə məlumat vermək tezdir”,- deyə o qeyd edib.
K.Yavuz həmçinin qeyd edib ki, TANAP layihəsində səhmlərin 7%-nin əldə olunacağı təqdirdə Amerikanın Goldman Sachs investisiya fondu da bilavasitə bu layihənin iştirakçısına çevriləcək. Çünki fond SOCAR Turkiye Enerji şirkətinin səhmlərinin 13%-nin sahibidir
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.
N. Abbasova