“VTB Bank (Azerbaijan)" ASC əməliyyatlarının "AzeriCard" Prosesinq Mərkəzinə keçidini uğurla başa çatdırıb. Bu barədə bankdan məlumat verilib.
Bank prosesinq mərkəzinə keçidə bir ay əvvəl start verib. Öncə "VTB Bank (Azerbaijan)" “VTB Qrup”un törəmə qurumu kimi Rusiyanın “Multikarta” Prosesinq Mərkəzi ilə əməkdaşlıq edib.
Məlumata əsasən,Azərbaycan Mərkəzi Bankı tərəfindən bank qarşısında tənzimləyicinin “Ödəmə kartlarının emissiyası və istifadəsi Qaydaları”na uyğun olaraq ödəmə kartlarının və terminal şəbəkəsinin milli prosesinq mərkəzinə keçirilməsi tələbi qoyulub.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov