Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkədə səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının müşaviri Fatima Alsmadini qəbul etdi.
Qonağı səmimi salamlayan QMİ sədri Azərbaycanda İslam dininin yayılması, xalqımızın islam mədəniyyəti xəzinəsinə verdiyi töhfələr barədə, sovetlər dönəmində ateizm rejimi dövründə mənəvi sahədə yaşanmış çətinliklər, habelə müstəqil Azərbaycanda dini-mənəvi irsimizin dirçəldilməsi yönündə görülən işlər barədə geniş məlumat verdi.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını fəxrlə vurğulayan A.Paşazadə ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından ətraflı danışdı. A.Paşazadə xüsisi vurğuladı ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoydu. Məscid, kilsə və sinaqoqların böyuk qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arası müstəvidə ehtiramlı münasibət hökm sürür.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin qlobal miqyasda multikulturalizm ideyalarının fəal müdafiəçisi olduğunu qeyd edən QMİ sədri, qonağa Azərbaycanda dövlət səviyyəsində keçirilən ənənəvi Mədəniyyətlərarası dialoq forumları, Dini liderlərin Ümumdünya Sammiti, milli-mənəvi və bəşəri ideyaları uğurla təbliğ edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayədarlığı ilə UNESKO və İSESKO xətti ilə keçirilən tədbirlər, habelə Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq təşkilatlar və elm mərkəzləri ilə birgə ölkəmizdə və xaricdə keçirdiyi mötəbər tədbirlər barədə məlumat verdi. QMİ sədri bildirdi ki, bu səylərin sayəsində Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. A.Paşazadə QMİ-nin fəaliyyətində dinlərarası dialoqun inkişaf etdirilməsinin prioritet istiqamət təşkil etdiyini qonaqın diqqətinə çatdırdı və bu sahədə görülən işlər, dünyanın dini mərkəzləri ilə əlaqələri barədə danışdı.
F.Alsmadi təmsil etdiyi Əl-Cəzirə adından şeyxülislama müsahibə üçün təşəkkür etdi, onu maraqlandıran sualları QMİ sədrinin ətraflı cavablandırmasından məmnunluğunu bildirdi. Azərbaycana səfərindən əvvəl müxtəlif mənbələrin məlumatlarına istinad etdiyini diqqətə çatdıran qonaq, ölkəmizdə keçirdiyi görüşlər və apardığı müşahidələrindən aldığı xoş təəssüratları ilə bölüşdü. Xanım Alsmadi Azərbaycanda gerçək tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini xüsusi vurğuladı. Dünya miqyasında nüfuzlu dini lider olan A. Paşazadənin həyatı və 35 illik fəaliyyətini əks etdirən kitab və albomları nəzərdən keçirən tədqiqatçı jurnalist QMİ sədrini böyük əməllər sahibi kimi səciyyələndirdi.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olundu.
Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və qonağı Azərbaycana dəvət etmiş Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Umud Rəhimoğlu iştirak etdilər.
F.İsazadə