SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança inşa edəcək. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Layihə “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb. İnşa olunacaq estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir. Meydança dənizin 14 metr dərinliyində yerləşdiriləcək”, - deyə məlumatda qeyd edilir.
Məlumat verilir ki, estakadayanı meydança 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulub.
“Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq”, - deyə məlumatda qeyd olunur.
Estakadayanı meydançanın tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir
“Neft Daşları” yatağı 1949-cu ildən etibarən işlənilir.
A.Axundov