Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçiriləcək konsertində iştirak edən əcnəbi vətəndaşlar Xarici İşlər Nazirliyinin arzu olunmaz şəxslər siyasına daxil ediləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bəyan edib.
"Sentyabrın 2-də Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkilini qəti şəkildə qınayırıq. Bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı,qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir”, - deyə H.Hacıyev bildirib.
Mətbuat katibi xatırladıb ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralıdayerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırımıtörədilib.
“Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa, bu faciənin qurbanı olmuş azyaşlılardan və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər”, - deyə H.Hacıyev vurğulayıb.
O bildirib ki, Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilib.
“Konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcək”, - deyə H.Hacıyev qeyd edib.
F.İsazadə