Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Səfir Dan Stav Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd etdi. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə edib. Səfir Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini deyib.
Prezident İlham Əliyev Azərbaycanda dini tolerantlığın, multikulturalizmin hökm sürdüyünü vurğulayaraq ölkəmizdə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının bu tolerantlığın, multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini deyib. Dövlətimizin başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün İlham Əliyev Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun etimadnaməsini qəbul edib.
Görüş iştirakçıları ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd ediblər.
Dövlət başçısı Yuris Maklakovsun ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycanın müvafiq nazirlik və qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirərək münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Səfir Azərbaycanla iqtisadi əməkdaşlığın daha da genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
A.Zeydullayeva