İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2015-ci ilin avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 1,6 mln. manat məbləğində sığorta haqqı toplayıblar ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,6% çoxdur. Bu barədə büronun məlumatında bildirilir.
“Cari ilin avqust ayında sığortaçılarla daşınmaz əmlakın icbari sığortası üzrə 5,907 min müqavilə bağlanıb, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 37,4% azdır”, - deyə məlumatda qeyd olunur.
Avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin 65,13%-i yaşayış evləri və mənzillər, 0,41%-i inzibati binalar, 34,47%-i digər daşınmaz əmlakla bağlı olub.
Büronun məlumatına görə, ötən ay daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 175 (sığorta haqları 15,09 min manat), sərnişinlərin icbari sığortası üzrə 9 müqavilə (sığorta haqları 1,218 min manat) bağlanıb.
Hazırda Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı iki sığorta növü tətbiq edilir: fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus tikililərə, yaşayış və qeyri-yaşayış sahələrinə, yaşayış evləri, binaları və mənzillərə, habelə dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik naqillərində baş verən qısaqapanma, yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə bağlı olan faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqlərində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası, 11 sığorta şirkəti daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə xidmətlər göstərmək üçün lisenziyaya malikdir.
A.Əzizov