2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən ilk 25 vətəndaş öz namizədliyini irəli sürüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın çərşənbə günü keçirilmiş iclasında məlumat verib.
“19 seçki dairəsi üzrə 25 nəfər deputatlığa namizədliyini irəli sürüb”, - deyə M.Pənahov bildirib.
O, MSK və dairə seçki komissiyalarının üzvlərini parlament seçkilərinə hazırlıq prosesinə ciddi yanaşmağa çağırıb.
“Bu günə qədər 6 siyasi partiyanın daimi nümayəndələrinin namizədliyinə MSK-da baxılıb və təsdiq edilib”, - deyə o bildirib.
Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında MSK parlament seçkilərinə həsr olunmuş bir sıra tədbirlər keçirəcək.
“Sabah biz Avropa İttifaqı ilə birlikdə parlament seçkilərinə həsr olunmuş birgə seminar keçirəcəyik”,- deyə M.Pənahov bildirib.
İclasda 3 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin siyahısı təsdiq edilib.
Qərara əsasən, MSK Ümid Partiyasının 37, Böyük Quruluş Partiyasının 12, Demokratik İslahatlar Partiyasının 6 səlahiyyətli nümayəndəsini qeydə alıb.
Daha əvvəl MSK Yeni Azərbaycan Partiyasından 158, Vətəndaş Həmrəyliyi Partiyasından 21, BütövAzərbaycanXalq Cəbhəsi Partiyasından 10 səlahiyyətli nümayəndəni qeydə alıb.
Deputatlığa namizədlərin təşviqat kampaniyası oktyabrın 9-da başlayacaq və 31 oktyabr saat 8:00-a qədər davam edəcək. Ölkə parlamentinə seçkilər 125 seçki dairəsi üzrə keçiriləcək.
R.Babayev