Sentyabrın 16-da IV Bakı beynəlxalq kitab sərgi-yarmarkası açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sərgi-yarmarkada ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcək.
Ölkəmizdə kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən bölgələrimizin mədəni zənginliyini təbliğ edən 100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər.
Bakıda kitab sərgi-yarmarkası 2009-cu ildən keçirilir. Sərgi sentyabrın 18-nə qədər davam edəcək. Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılıq edir.
A.Zeydullayeva