Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumatda bildirilir.
XİN nümayəndəsi qeyd edib ki, A.Həsənov adlı şəxs tərəfindən KİV-ə təxribat, böhtan və təhqir xarakterli məktub ünvanlanıb.
A.Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində diplomatik xidmət haqqında qanunu, XİN haqqında əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozub və ciddi xidməti qüsurlara yol verib.
Bir müddət əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də A.Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilib, o, uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılıb və barəsində intizam tədbirləri görülüb.
“A.Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir”, - deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür.
R.Babayev