Cari ildə dövlət xətti ilə 1000 nəfərdən artıq əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki şəhərlərində yerləşən istirahət mərkəzlərinə yola salınıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Bazar ertəsi 43 nəfər əlilliyi olan şəxs dövlət xətti ilə Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.
ƏƏSMN-in “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na müvafiq olaraq cari ilin yaz-yay mövsümündə ƏƏSMN tərəfindən artıq 1007 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.
İstirahət günlərində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur. Onların qeyd olunan mərkəzlərə aparılması və qaytarılması, eləcə də gəzinti turlarının təşkili xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.
R.Babayev