Türkdilli ölkələrin enerji simpoziumu 2016-cı ilin oktyabr ayında Bakıda keçiriləcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müşaviri İlyas Dəmirçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub. Görüşdə 2016-cı ildə Bakıda Türkdilli ölkələrin qurultayının və bu tədbir çərçivəsində enerji simpoziumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Türk dünyası dövlətləri arasında bir çox sahələrdə, o cümlədən energetika sahəsində qarşılıqlı əlaqələr qurulub. Bu cür tədbirin keçirilməsi onun işində çoxlu sayda ölkənin iştirakına imkan yaradır”, - deyə məlumatda qeyd olunur.
İ.Dəmirçi bildirib ki, enerjiyə tələbatın bütün dövrlərdə aktuallığı, Xəzər regionunun enerji resursları ilə zənginliyi Bakının belə bir dialoqun mərkəzi olmasını zəruri edir. O, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin enerji simpoziumunun vaxtının dəqiqləşdirilməsini və hazırlıq işlərinə Azərbaycanın dəstəyini vacib hesab etdiyini diqqətə çatdırıb.
Görüşün sonunda simpoziumun tarixinin müəyyənləşdirilməsi, proqramının Azərbaycanın Energetika Nazirliyi, Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə birgə hazırlanması razılaşdırılıb.
N.Abbasova