Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ölkə başçısı İlham Əliyevin göstərişi ilə Şəki şəhərinə ezam ediliblər. Bu barədə mərkəzin direktoru Qurban Yetirmişli məlumat verib.
“Azərbaycan prezidentinin sərəncamı ilə xidmətimizin əməkdaşları elmi araşdırmalar aparmaq və lazımi avadanlıqlar quraşdırmaq üçün Şəki şəhərinə ezam ediliblər”, - deyə Q.Yetirmişli bazar ertəsi sentyabrın 4-də Şəkidə baş vermiş 7 ballıq zəlzələyə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
O bildirib ki, yaxın gələcəkdə bu regionda güclü zəlzələnin baş verməsi ehtimalı yoxdur.
“Yaxın vaxtlarda bu regionda güclü zəlzələnin baş verməsi ehtimalı sıfra bərabərdir. 7 bal gücündə zəlzələnin baş verdiyi gün biz 50 kiçik təkan qeydə almışıq”, - deyə o qeyd edib.
Q.Yetirmişlinin sözlərinə görə, bu gün təşvişə düşmək üçün heç bir əsas yoxdur.
“Ümumiyyətlə Şamaxı-İsmayıllı Azərbaycanda seysmik cəhətdən aktiv zonadır və biz onu nəzarət altında saxlayır və müşahidə edirik”, - deyə Q.Yetirmişli bildirib.
Bununla yanaşı, alim qeyd edib ki, bu gün dünyada heç kim zəlzələnin proqnozlaşdırılması barədə məlumat verə bilməz, çünki bu gün bu məsələnin həlli mümkün deyil.
A.Zeydullayeva