Kənd Təsərrüfatı Nazirliyi ölkədə "Elektron kənd təsərrüfatı” sisteminin tətbiqinə başlamağı planlaşdırır. Bu barədə nazirliyin məlumatında bildirilir.
“Kənd Təsərrüfatı Nazirliyi hazırlanan proqram təminatının ayrı-ayrı komponentlərinin yerlərdə icrasına başlayır. Layihənin ilkin icrası üçün Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmaz pilot rayon kimi seçilib.Proqram təminatının tələblərinə uyğun olaraq məlumat bazasının formalaşdırılması üçün tezliklə rayonda konkret işlərə başlanılacaq”,- deyə məlumatda qeyd edilir.
Nazirliyinin məsul əməkdaşları qeydiyyat işlərini aparan şirkətin nümayəndələri ilə birlikdə Xaçmaz rayonundakı bütün torpaq sahələrinin fərdi identifikasiyasını həyata keçirəcək. Son nəticə olaraq elektron xəritə hazırlanaraqümumi sistemə daxil ediləcək.
Mövcud problem və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin sistemin bütövlükdə respublika üzrə formalaşdırılmasının icrasına başlanılacaq.
“Elektron kənd təsərrüfatı” sistemi tətbiq edildikdən sonra Azərbaycanda torpaq üzrə bütün potensialın elektron formada müəyyən edilməsi mümkün olacaq. Bununla da mövcud torpaqlardan səmərəli və mütəşəkkil qaydada istifadə edilməsinin çevik idarə edilməsinə imkan yaranacaq”, - deyə nazirliyin məlumatında qeyd edilir.
Bu sistem bütün inkişaf etmiş ölkələrdə uzun müddətdirtətbiq olunur.
"Elektron kənd təsərrüfatı” informasiya sistemi institusional struktur islahatların tərkib hissəsidir və bu sistem formalaşdıqdan sonra fermerlərə subsidiyaların verilməsi daha asan və şəffaf formada həyata keçiriləcək, eyni zamanda daha sürətli və adekvat formada əldə edilməsinə şərait yaranacaq. Yeni sistemin qurulması şəffaflığı təmin etməklə yanaşı,ilkin olaraq peyk şəkillərindən və ortofoto təsvirlərindən istifadə etməklə məhsuldarlığın artırılması ilə bağlı operativ addımlar atmağa imkan yaradacaq.
N.Abbasova