2015-ci ilin yekunları üzrə Azərbaycan yüksək iqtisadi artım göstəricilərinə malik olacaq. Prezident İlham Əliyev belə hesab edir.
“2015-ci ilin I yarısının yekunları üzrə Azərbaycanda iqtisadi artım 6%-ə yaxın olub. O cümlədən qeyri-neft sektorunda artım 9% təşkil edib. Bu dövrdə qeyri-neft sənayesində artım 14%, kənd təsərrüfatı sahəsində artım 7,3% təşkil edib. Hesab edirəm ki, 2015-ci ilin yekunları üzrə biz yüksək iqtisadi artım göstəricilərini qoruyub saxlayacağıq”, - deyə İ.Əliyev çərşənbə axşamı iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırkı yüksək iqtisadi artım göstəricilərinə bütün dünyada böhran tendensiyalarının baş verdiyi şəraitdə nail olunub.
İ.Əliyev əlavə edib ki, avqust ayının sonunda “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın investisiya reytinqini “BBB-“ səviyyəsində təsdiq edib. “Azərbaycanın reytinqinin təsdiq edilməsi yaxşı göstəricidir. Başqa ölkələrin reytinqinə nəzər salsaq, onların reytinqi pisləşir”,- deyə dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, əvvəllər Azərbaycanda yüksək iqtisadi artımı göstəricilərini göz götürməyənlər bunu yalnız neftin yüksək qiymətləri ilə əlaqələndirirdilər. “Ötən il neftin bir barelinin qiymətinin 100 dollara bərabər olmasına baxmayaraq, bu gün dünyada neftin bir barelinin qiyməti 50 dollardan aşağıdır, qiymətlər iki dəfədən çox azalıb. Bununla belə neftin qiymətlərinin azalması fonunda Azərbaycan yüksək iqtisadi artım tempi nümayiş etdirməkdə davam edir. Bu, bizim iqtisadiyyatımızın şaxələnməsi və neftdən asılılığın azaldılmasına yönəlmiş düzgün siyasətimizin nəticəsidir”,- deyə İ.Əliyev əlavə edib.