Sentyabrın 9-da Qəbələdə təhsil işçilərinin konfransı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional burosu xəbər verir.
Konfransda rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev 2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində təhsil işçiləri qarşısında duran vəzifələr barədə məruzə edib.
Bildirilib ki, 2014-2015-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlar yüksək nəticələr əldə edib. Qeyd olunub ki, məzunlardan 14 nəfəri fərqlənmə şəhadətnaməsinə, 5 nəfəri qızıl medala layiq görülüb. Rayonun ümumtəhsil məktəbləri üzrə müvəffəqiyyət göstəricisi 99,2%, keyfiyyət göstəricisi isə 65,1% olub.
Qəbələli məzunlardan 810 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib və 460 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə daxil olan abituriyentlərdən 48 nəfəri 600-dən yuxarı, bir nəfər isə 700 bal toplayıb. Bu, Qəbələnin təhsili tarixində ən böyük göstərici hesab olunur.
Ötən dərs ilində Qəbələ məktəblilərindən 5 nəfəri respublika fənn olimpiadalarında medal qazanıb ki, onlardan biri qızıl, biri gümüş və üçü gümüş mükafatçıdır. Məzunlar arasında ən yüksək nəticəni Vəndam qəsəbə 3 saylı tam orta məktəbin məzunu Xəyalə Əfəndiyeva əldə edib. O, qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub.
2014-2015-ci dərs ilini müvəffəqiyyətlə başa vuran məzunlara və qabaqcıl müəllimlərə Qəbələ Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi tərəfindən qiymətli hədiyyələr verilib, fəxri fərmanlar təqdim edilib.
İ. Əhmədov