Sentyabrın 10-da Bakıda Kolumbiya gecəsi keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbir Kolumbiyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə paytaxt otellərindən birində keçiriləcək. Tədbir Kolumbiya mədəniyyətini azərbaycanlılarla bölüşmək məqsədilə keçiriləcək.
Tədbir “Tato Marenco y Vía 40” qrupunun ifasında Kolumbiyanın Karibyanı regionunun ənənəvi və zəngin musiqi sədaları altında keçəcək.
Tədbirdə qonaqlar Kolumbiyanın Barankilya şəhərindən olan məşhur aşpaz İvan Fransisko Eskobarın bişirəcəyi səciyyəvi Karib xörəklərindən dadmağa fürsət tapacaqlar. Bununla yanaşı, Karibyanı regiondan gətirilən “Premium Colombiano” rom içkisinin dadına baxmaq da mümkün olacaq.
Tədbirdə bir sıra dövlət xadimləri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, iş adamları, Kolumbiya icması və Kolumbiyanın azərbaycanlı dostları iştirak edəcəklər.
A.Zeydullayeva