Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov bildirib ki, Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postuna namizədliyini irəli sürə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
“Rusiya Şahmat Federasiyasının rəhbəri Andrey Filatov və FİDE konqresinin digər üzvləri şahmatın inkişafı və populyarlaşması məqsədi ilə belə təkliflə çıxış ediblər. Bu hadisədən istifadə etməmək olmaz. Gələn il fevralın 26-da Sürixdə keçiriləcək FİFA prezidentliyinə seçkilərdən istifadə etməklə ona çoxlu diqqət və kütləvi informasiya vasitəsi cəlb edilib”, - deyə K.İlyumjinov Azərbaycanda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında bildirib.
K.İlyumjinova FİFA prezidenti postuna iddiaçı olmaq təklifini FİDE-nin BƏƏ-də keçirilən 86-cı konqresində Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov təklif edib.
“Bildiyiniz kimi, ötən ilin sonundan Beynəlxalq Futbol Federasiyasını böhran və qalmaqal bürüyüb. Bir neçə nəfər həbs olunub. Qonşu federasiyada həmkarlarımızla bağlı baş verənlər heç də yaxşı hal sayılmır. Lakin irəli çəkilmək təklifi arqumentlərlə əsaslandırıldı. Mən, əlbəttə, bunun müsbət və mənfi cəhətlərini düşünəcəm. Gücümüzün yetdiyini düşünsək, bu post uğrunda mübarizə aparmaq olar. Mən hələ ki, qərar qəbul etməmişəm, çünki konqres yeni başa çatıb və mən həmkarlarımla, o cümlədən dostlarımla məsləhətləşməliyəm”, - deyə FİDE prezidenti bildirib.
R.Babayev