Gürcüstanın “Azad zona” qeyri-hökumət təşkilatının üzvləri, eks- prezident Mixail Saakaşvilinin tərəfdarları Tbilisidəki “İntellekt” rus məktəbində 7-ci siniflər üçün coğrafiya kitablarını toplayaraq məhv ediblər.
Dərsliklər patrul polisinin nəzarəti altında yandırılıb.
Təşkilatdan bildiriblər ki, daha öncə sosial şəbəkələrdə rus məktəblərinin 7-ci sinifləri üçün nəşr edilmiş coğrafiya dərsliyi haqqında informasiya və fotomateriallar yerləşdirilmişdi. Dərslikdə Abxaziya və Cənubi Osetiya müstəqil dövlət, Krım isə Rusiyanın tərkib hissəsi kimi təqdim edilib.
QHT üzvləri məktəbə gələrək direktor Orest Pesçanenko ilə görüşüblər. Direktor həmin dərsliklərin mövcudluğunu və öz təşəbbüsü ilə alındığını təsdiq edib.
Nəticədə “Azad zona” təşkilatının fəalları dərs vəsaitinin bütün nüsxələrini məhv ediblər.
Onlar öz hərəkətlərini işğalın qəbuledilməzliyi və Rusiya təbliğatına qarşı mübarizə kimi qiymətləndiriblər.
“İnterfaks” agentliyinin baş verənlərlə bağlı Gürcüstan hüquq mühafizə orqanlarının cavab reaksiyası barədə məlumatı yoxdur.