"Hökumət Ödəniş" portalı yenilənərək "Elektron Hökumət" portalına inteqrasiya edilib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
“Bu, mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, bank xidmətlərinə çıxış imkanının artırılması, nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi məqsədilə "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq sayəsində mümkün olub”, - deyə məlumatda bildirilir.
“Elektron Hökumət" portalına inteqrasiya edilmiş "Hökumət Ödəniş" portalı müxtəlif ödənişləri "Kommunal", "Rabitə", "İpoteka", "Büdcə" kimi qruplarda birləşdirir. Vətəndaş istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və ödəniş üçün tələb olunan informasiyaları daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilər. Sistem üzrə bütün sahələr üzrə ödənişlər ödəmə tarixçəsində saxlanılır və istənilən vaxt baxılması mümkündür. Həmçinin yeni sistem vasitəsilə vətəndaş bir neçə xidmət üçün birlikdə ödəniş etmək imkanına sahib olacaq.
Artıq portalda əks olunan "Kommunal" bölməsi vasitəsilə “Azəriqaz”, “Azərsu”, “Azəristilik”, “Azərişıq” (Bakı), “Azərişıq” (regionlar) üzrə ödənişləri çevik və operativ şəkildə icra etmək mümkün olacaq.
Portalın "Rabitə" bölməsi Azercell, Nar Mobile, Bakcell, Stasionar Telefon Xidmətləri üzrə ödənişləri bir arada toplayır. Artıq vətəndaşlar rabitə borcunu vahid məkandan faydalanaraq ödəyə biləcəklər.
"İpoteka" bölməsi üzrə kreditin kodu daxil olunmaqla çevik ödəniş təmin ediləcək.
"Büdcə" bölməsinə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin ödəniş xidmətləri inteqrasiya olunub. Artıq vətəndaşlar cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən reallaşdıracaqlar.
N. Abbasova