Azərbaycan və Çexiya iqtisadi-ticarət əməkdaşlığını genişləndirməyi planlaşdırır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
Sentyabrın 10-da Praqada Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 3-cü iclasında əqliyyat, kənd təsərrüfatı, maliyyə, təhsil, ətraf mühitin mühafizəsi, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə edilib.
Sənədi Qarışıq Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev və Çexiyanın sənaye və ticarət nazirinin müavini Vladimir Bartl imzalayıblar.
Protokolda Çexiyanın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəklədiyi bir daha bəyan edilib.
İclasda çıxış edən S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda 16 Çexiya investisiyalı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edən həmsədr Azərbaycanın neft və qeyri-neft məhsullarının Çexiyaya ixracı, çex iş adamlarının ölkəmizə investisiya yatırması, birgə müəssisılərin yaradılması, tranzit yük daşımaları, turizm sahəsində əməkdaşlıq, birgə tədbirlərin keçirilməsi imkanlarını qeyd edib.
Çexiyanın sənaye və ticarət nazirinin müavini Vladimir Bartl çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çexiyanın sənaye və ticarət naziri Yan Mladeklə görüşüblər. Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.
N.Abbasova