Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri vəzifəsini icra edən Ceyhun Bayramov son illər görülmüş tədbirlər nəticəsində təhsilin səviyyəsinin yüksəldiyini qeyd edir.
“Bakı məktəblərinin 9-cu sinif şagirdlərinin 79%-i buraxılış imtahanlarını uğurla verib, ana dili fənni üzrə buraxılış imtahanlarında 86%, riyaziyyat fənni üzrə isə 85,44% müvəffəqiyyət qazanıb”, - deyə C.Bayramov Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 11-ci sinif şagirdlərinin 92%-i ana dili, 93%-i riyaziyyat, 94%-i xarici dil fənni üzrə buraxılış imtahanlarını uğurla verib.
“Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 15 nəfər 700 bal toplayaraq ən yaxşı nəticə göstərib”, - deyə o bildirib.
C.Bayramov deyib ki, son illər Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiadalarda 116 medal qazanıblar, 131 məzun məktəbi qızıl, 21 məzun gümüş medalla bitirib.
C.Bayramov müəllimlərin işə müsabiqə yolu ilə qəbulu məsələsinə toxunaraq qeyd edib ki, Bakıda 2233 nəfər işə qəbul edilib, 350 nəfər isə keçirilmiş müsabiqə nəticəsində məktəb direktoru vəzifəsinə təyin edilib.
A.Zeydullayeva