Milli Məclisin deputatları Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni kəskin pisləyiblər.
Azərbaycanla bağlı tələsik qəbul edilmiş qətnamə Avropa Parlamentinin nüfuzuna böyük zərbə vurdu. O qədər ciddi zərbə ki, onlar çətin ki, uzun müddət bu biabırçılıqdan qurtara bilsinlər", - deyə AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bəyan edib.
O, Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasında fəaliyyətinin dayandırılmasını təklif edib.
“Biz Avronest PA-da öz fəaliyyətimizi dayandırmalı və Avropa Parlamenti sıralarında korrupsiya faktlarının üstünü açmalıyıq”- deyə deputat qeyd edib.
S.Seyidov Avropa Parlamentinin bəzi nümayəndələrini Azərbaycanın işğal altında olan ərazisində yaradılmış separatçı Dağlıq Qarabağ rejimi ilə açıq əməkdaşlıqda ittiham edib.
“Bu sənədin qəbul edilməsinin təşəbbüskarlarından biri də “Azad Avropa” alyansında təmsil olunan deputatlardır. Ola bilsin ki, bu qrupun adı onu deməyə əsas verir ki, onun üzvləri Avropa dəyərləri, azadlıq və gələcək barədə düşünürlər. Ancaq əslində heç də belə deyil. “Azad Avropa” alyansının deputatları, bu qərarın təşəbbüskarları bir neçə gün əvvəl Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı “Artsax Demokratik Partiyasını” öz sıralarına qəbul ediblər. Və bu “partiya”nın təklifi ilə Avropa parlamentində anti-Azərbaycan qətnaməsinin qəbul edilməsinin təşəbbüskarı kimi çıxış ediblər”, - deyə S.Seyidov vurğulayıb.
O qeyd edib ki, 202 deputat qətnamənin əleyhinə, səs verib, 72 nəfər bitərəf qalıb.
“Sual yaranır, nə üçün əksəriyyət özünü sağlam düşünən həmkarlarının fikirlərinə qulaq asmadı. Çünki Azərbaycan müstəqil dövlətdir, kiminsə diktəsi ilə deyil, müstəqil inkişaf edir. Ən əsası da bu gün Azərbaycan rəhbərliyi Avropa Parlamenti, ATƏT-in Minsk Qrupu olmadan da işğal edilmiş əraziləri azad etməyə qadirdir. Onları narahat edən də budur”, - deyə S.Seyidov vurğulayıb.
R. Babayev