Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Qərb dövlətlərinin ünvanına tənqidi çıxış edərək onları çoxmilyonlu qaçqın və miqrant ordusunun yaranmasında və müharibələrdən canını qurtarmış on minlərlə dinc sakinin ölümündə ittiham edib.
“Sual olunur, Misir, Liviya, Suriya, İraq və Əfqanıstandan miqrant və qaçqın ordusunun yaranmasında kim günahkardır? Siz günahkarsınız - ABŞ və onun Avropadakı müttəfiqləri”,- deyə Z.Əsgərov bazar ertəsi Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı bildirib. Xatırladaq ki, iclas Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul etməsi ilə əlaqədar çağırılıb.
Onun sözlərinə görə, daim demokratik dəyərlərdən bəhs edən Qərb özü bu dəyərlərə zərbə vurur.
“Siz Misiri dağıtdınız, Liviya, Suriyanı bomardman etdiniz, Əfqanıstanı xaraba qoydunuz. Qərbdən olan yoldaşlar sülh naminə demokratiya gətirmirlər. Əslində bu, demokratiya deyil. Siz sadəcə bu siyasəti öz maraqlarınız naminə, ölkələri dağıtmaq üçün yürüdürsünüz. Siz Suriya, Liviya, Misir və Əfqanıstanı dağıdanda bunun humanitar fəlakətlə nəticələnəcəyini düşünmürdünüzmü?”,- deyə Z.Əsgərov vurğulayıb.
Vitse-spiker qeyd edib ki, Qərb Misiri, Suriya və Liviyanı dağıtmaq üçün milyardlar sərf edib, qaçqın və köçkünlərin problemlərini həll etmək üçün isə milyonlar sərf etmək istəmir.
“Siz Aralıq dənizində on minlərlə miqrantı boğdunuz, öldürdünüz. Eşidəndə ki, Avropa İttifaqının üzvləri qaçqın və miqrantların olduğu gəmilərin batırılması üçün BMT-dən icazə almaq istəyiblər, tüklərim biz-biz oldu”, - deyə Z.Əsgərov bildirib.
R.Babayev