Azərbaycanda 143-cü teatr mövsümünün açılışı münasibəti ilə Gəncə Dövlət Kukla Teatrı təmirdən sonra istifadəyə veriib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
"Bütün teatr xadimlərinə tövsiyə edirəm ki, həmişə olduğu kimi, bu mövsüm də maraqlı, dəyərli, tamaşaçıların rəğbətini qazandıra biləcək tamaşalarla çıxış etsinlər. Biz yeni nəslin formalaşdırılmasına xüsusi önəm veririk. Hesab edirəm ki, teatrın zəngin ənənələri gənc nəslin vasitəsi ilə növbəti illərdə də inkişaf edəcək" - mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Mövsümün açılışı münasibəti ilə müasir səs və işıq sistemi ilə təchiz edilən, yeni oturacaqlar düzülən Gəncə Dövlət Kukla Teatrı təmirdən sonra istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olub.
"Bu gün növbəti teatr mövsümünün açılışı münasibəti ilə təşkil olunan bayram tədbiri çox möhtəşəmdir. Mən bütün həmkarlarımı bu yeni mövsümün başlaması münasibəti ilə təbrik edirəm", – deyə Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski qeyd edib.
143-cü teatr mövsümünün açılışı münasibəti ilə Gəncədə aktyorların ifasında meydan tamaşaları, səhnəciklər, rəqs kollektivlərinin çıxışları, rəssamların əl işlərindən ibarət sərgi, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi, Məhsəti Gəncəvi Mərkəzində sənətkarın rübailərinə həsr olunan illüstrasiya və miniatür əsərlərlə tanışlıq olub.