Bu gün Milli Məclisin növbədənkanar iclasında Azərbaycanın Avronest Parlament Assambleyasında üzvlüyünün dayandırılmasına dair qərar qəbul edilib.
Bu ölçü sentyabrın 10-da Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qərəzli qətnamənin qəbul edilməsi ilə əlaqədardır.
Sənədin mətnini Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov oxuyub.
Milli Məclisin qəbul etdiyi qətnamədə Azərbaycan tərəfi Avronestin tədbirlərində iştirak etməməyə çağırılır.
Həmçinin sənəddə Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyətinə yenidən baxılmasının vacibliyi vurğulanır.
“Avropa İttifaqı Azərbaycanla əlaqələrinə qarşı yönəlmiş fəaliyyətinə son qoymalı, müxtəlif qüvvələrin təsiri altında ölkəmizə qarşı əsassız ittihamlara dayanan qərəzli qətnamələr qəbul etməkdən imtina etməlidir”, - deyə qətnamədə bildirilir.
Milli Məclis Avropa Parlamentini Azərbaycana qarşı konstruktiv mövqe nümayiş etdirmək üçün real addımlar atmağa çağırıb.
“Avropa Parlamentinin konstruktiv qüvvələri Avropa Parlamentinə zərər verən fəaliyyətin qarşısını almaq üçün səylərini artırmalıdırlar”,- deyə V.Ələsgərov bildirib.
Qətnamədə Avropa Parlamentində təmsil olunmuş, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına siyasi dəstək göstərən lobbi qruplarının qınanması, həmçinin bu cür fəaliyyətə son qoyulması ilə bağlı çağırışlar yer alıb.
Milli Məclis Avropa Parlamentindən Azərbaycanın məhkəmə sisteminə təsir göstərmək cəhdlərinə, həmçinin bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə müşahidəçi kimi gəlməkdən imtina etmək çağırışlarına son qoymağı tələb edib.
R.Babayev