SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina” şirkətinin alınması imkanlarını nəzərdən keçirmir. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Məlumata görə, Türkiyənin bəzi media şəbəkələrində və onlara istinadən Azərbaycanın bir neçə KİV-də ARDNŞ və M.Mənsimov arasında müvafiq danışıqların aparılması barədə məlumat yayılıb.
«Bu məlumat tam əsassızdır; hazırda şirkətimiz tərəfindən belə bir investisiya layihəsi nəzərdən keçirilmir, gündəliyimizdə belə bir məsələ yoxdur», - deyə məlumatda qeyd olunur.
“Palmarina” - Türkiyədə 70-dən çox super yaxtanı qəbul etmə gücünə malik yeganə limandır. Limanın akvatoriyasında 40 metr və daha artıq uzunluqda 69 yaxta, 700-ə yaxın yelkənli və motorlu yaxta yerləşə bilər. Bundan başqa, limanda xüsusi təchiz olunmuş tərsanədə 45 metrədək uzunluqda 140 yaxtaya texniki xidmət göstərilir.
N.Abbasova