Çex Respublikasının prezidenti Miloş Zeman bu gün Azərbaycanda aparacağı danışıqlar zamanı iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması məsələsini müzakirə etmək niyyətindədir. Bu barədə Çex KİV-ləri məlumat verir.
Çex prezidenti dünən axşam Bakıya gəlib.
M.Zeman bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüş zamanı prezidentlər dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması imkanlarını müzakirə edəcəklər, çərşənbə günü isə Çex prezidenti ikitərəfli iqtisadi forumda iştirak edəcək. Forumun yekunları üzrə bir sıra saziş və müqavilələrin imzalanması nəzərdə tutulur.
Çex XİN-in məlumatına əsasən, Çex şirkətləri Bakıda yol və metro tikintisi kimi sahələrin inkişafında iştirak edə bilərlər. Çex tərəfi müdafiə, kimya sənayesi, eləcə də maşınqayırma məhsullarının tədarükü kimi sahələri perspektivli hesab edir.
Qeyd olunur ki, Azərbaycan Cex Respublikasına neft tədarükü üzrə ikinci yeri tutur. 2014-cü ildə Çex Respublikası Azərbaycana 2,4 milyard kron məbləğində ixrac, 39 mlrd. kron məbləğində (1,4 mlrd. avro) isə idxal (əsasən neft tədarükü) həyata keçirib.
F.Hüseynzadə