Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Kanberra şəhərində Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşüb. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, ticari-iqtisadi əməkdaşlıq, sosial və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
X.Fətiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faiz ərazisinin işğal edilməsi, bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, problemin nizamlanması istiqamətində həyata keçirilən tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun Avstraliya Senatının prezidenti Stiven Perriyə ünvanlanmış Azərbaycana rəsmi dəvət məktubu catdırılıb. Dəvət məmnuniyyətlə qəbul edilib.
Həmin gün X.Fətiyev Avstraliya parlamentinin İqtisadi komitəsinin sədri Con Aleksandr, Sənaye və kənd təsərrüfatı komitəsinin sədri Rouen Ramzeylə görüşüb.
R.Babayev