Səhiyyə Nazirliyi Bakı poliklinikalarında “Açıq qapı aylığı” elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir oktyabr ayının 15-nə kimi davam edəcək.
Aylıq hər il olduğu kimi bu il də 1 oktyabr - “Beynəlxalq ahıllar günü” ərəfəsində keçiriləcək.
Tədbir heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə təşkil olunacaq.
Tədbirlər planı çərçivəsində Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Respublika Veteranlar Şurasının üzvlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstəriləcək.
Aylıq çərçivəsində “Sağlamlıq sahəsi”nə şəhər poliklinikalarından göndərişlə müraciət etmiş xroniki ürək-damar sistemi, tənəffüs sistemi, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, uşaq xəstəlikləri, lor, stomatoloji və s. xəstəliklərlər əvvəlcə müayinə olunacaq, müayinədən sonra xəstələrə müalicə kursu təyin olunacaq.
Həmçinin məlumatda bildirilir ki, tədbir çərçivəsində heriontologiya problemlərinə həsr olunan seminar da keçiriləcək.
A.Zeydullayeva