Qərbin Azərbaycana tətbiq etmək istədiyi dəyərlərin mahiyyəti Avropanın müsəlman ölkələrdən qaçan qaçqınlara münasibətində bariz şəkildə görünür və buna görə Bakı bu dəyərləri qəbul etməyəcək. Bunu prezident İlham Əliyev söyləyib.
“Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın”,- deyə İ.Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır. Buna görə də Azərbaycan gəncləri bizə dəyər kimi təqdim edilən yad təsirlərdən qorunmalıdırlar.
“Bu gün Azərbaycanın gələcəyi əmin əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz”, - deyə İ.Əliyev qeyd edib.
Y.Əliyev