Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevin rəhbərlik etdiyi işçi qrup ilk dəfə Avstraliyaya rəsmi səfərə gedib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Səfər çərçivəsində nümayəndə heyəti ölkənin paytaxtı Kanberra şəhərində Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşüb. Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, ticari-iqtisadi əməkdaşlıq, sosial və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun Avstraliya Senatının prezidenti Stiven Perriyə ünvanlanmış Azərbaycana rəsmi dəvət məktubu catdırılıb. Dəvət məmnuniyyətlə qəbul edilib.
Həmin gün Azərbaycan nümayəndə heyətinin Avstraliya parlamentinin iqtisadiyyat komitəsinin sədri Con Aleksandrla da görüşü olub. Görüş zamanı iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Daha bir görüş parlamentin Sənaye və Kənd Təsərrüfatı Komitəsinin sədri Rouen Ramzeylə keçirilib. Görüş zamanı hər iki ölkənin iqtisadiyyatı üçün ənənəvi olan kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Sentyabrın 15-də “Avstraliya Universitetlər Birliyi”nin rəhbərliyi ilə keçirilmiş görüş zamanı əsasən iki ölkə universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbə-müəllim heyətinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə olunub.
Nümayəndə heyətinin iştirakı ilə dünyanın ən yüksək reytinqli 20 universitetindən biri hesab olunan Avstraliya Milli Universitetinin kitabxanasında səfirliyin təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş guşənin açılışı olub, X.Fətiyev tərəfindən kitabxanaya Azərbaycana dair kitablar hədiyyə edilib.
Avstraliya Federal Parlamentinin nümayəndələr palatasının spikeri Toni Smit də Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüş zamanı tərəflər arasında iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət, humanitar, təhlükəsizlik məsələləri müzakirə olunub. T.Smit Azərbaycana səfər etməklə bağlı O.Əsədovun rəsmi dəvətini məmnuniyyətlə qəbul edib.
Sentyabrın 16-da Avstraliya Federal Parlamentinin üzvü və eyni zamanda parlamentin Kəşfiyyat və təhlükəsizlik birgə komitəsinin sədri Dan Tehanla görüş zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Azərbaycanın qlobal sülhün qorunması məqsədilə həyata keçirilən beynəlxalq antiterror əməliyyatlarında iştirakı barədə məlumat qarşı tərəfin diqqətinə çatdırılıb.
Y.Əliyev