Azərbaycan və Çexiya energetika sahəsində əməkdaşlığa dair memorandum imzalamaq niyyətindədir. Bu barədə Azərbaycanın Energetika Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın energetika naziri Natiq Əliyev Çexiyanın “Elektrik enerjisinin ötürülməsi” şirkətinin Müşahidə Şurasının üzvü İrji Maçeşka ilə görüşdə Azərbaycan tərəfinin belə bir sənəd imzalamağa hazır olduğunu bəyan edib.
N.Əliyev qeyd edib ki, 2015-ci ilin I yarısının yekunları üzrə Azərbaycan ilə Çexiya arasında xarici ticarət dövriyyəsi $308,52 mln. təşkil edib, Çexiyanın energetika balansında Azərbaycanın xüsusi çəkisi 30%-ə bərabərdir.
Nazir deyib ki, indi yaşayış sektorunda və iri tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olmaq əsas hədəflərdəndir. O, bu istiqamətdə Çexiya ilə əməkdaşlıq etməyə ehtiyac olduğunu bildirib.
Öz növbəsində İ.Maçeşka Çexiyanın Azərbaycanla elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
A.Əzizov