ABŞ-da dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Markaların buraxılması konsulluğun təşəbbüsü və dəstəyi ilə baş tutub.
ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkillərinin müşayiəti ilə “Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il” və “Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il” sözləri yazılıb. U.Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın “Koroğlu” operasından notlar yerləşdirilib.
Məlumatda qeyd olunub ki, bu, Baş Konsulluq tərəfindən Ü.Hacıbəyli və R.Behbudov irsinin ABŞ-da tanıdılması məqsədilə bu il həyata keçirilən silsilə tədbirlərin bir tərkib hissəsidir.
Belə ki, sentyabrın 19-da əfsanəvi "Arşın mal alan" filminin Hollivudda premyerası keçiriləcək. Film Hollivudun ən qədim “Ricardo Montalban” kinoteatrında nümayiş olunacaq.
Bundan başqa, Kaliforniya ştatının Santa Monika şəhərində sentyabr ayının 18-i “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacaq.
R.Babayev