Maliyyə Nazirliyi 2015-ci ilin yekunları üzrə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 8,1 mlrd. manat səviyyəsində transfertlərə ümid edir. Bu barədə maliyyə naziri Samir Şərifov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Xəbər verildiyi kimi, 2015-ci ilin büdcəsində ARDNF-dən transfertlər üzrə təsdiqlənmiş proqnoz 10 mlrd. 388 mln. manat təşkil edir.
Nazir transfertlərin həcmlərinin azalmasını dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqələndirib və neftin aşağı qiymətinin ortamüddətli perspektivdə bu cür qalacağını istisna etməyib.
“2014-cü ildə ARDNF-dən transfertlər 9,3 mlrd. manat təşkil edib, bu il həmin həcmin 8,1 mlrd. manat səviyyəsində olacağını gözləyirik. Gələn il transfertlər 6 mlrd. manat olacaq”, - deyə S.Şərifov qeyd edib.
O qeyd edib ki, transfertlərin həcmlərinin azaldılması düzgün siyasətdir, çünki “ortamüddətli perspektivdə qarşımızda valyuta ehtiyatlarını qoruyub saxlamaq, onları səmərəli istifadə etmək vəzifəsi durur”.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Axundov