Cümə axşamı Kürdəmir rayonuna səfər edən prezident İlham Əliyev Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prezidentə məlumat verib ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlət başçısının 7 mart 2012-ci il tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 7 mln. manat vəsait ayrılıb.
Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.
Sonra İ.Əliyev sakinlərlə görüşüb.
Həmin gün prezident Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.
“Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib.
Bildirilib ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb. Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Y.Əliyev