Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 125-ci teatr mövsümünün açılışını edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Mövsümün açılışında çıxış edən teatrın direktoru Tofiq Heydərov teatrın fəaliyyəti barədə məlumat verib.
“2014-cü ildə fəaliyyətimiz və işçi kollektivinin sayəsində teatrımız aparıcı teatr statusu əldə edib. Bizim rejissorlarla birlikdə burada qonşu İrandan dəvət olunmuş rejissorlar da çalışırlar”, - deyə direktor bildirib.
Sonra o, sovet yazıçı və ssenaristi Lev Korsunskinin “Kələkbaz” komediyasının motivləri əsasında tamaşaya quruluş vermiş əməkdar artist, quruluşçu-rejissor Adil Zeynalovu təqdim edib.
Rəsmi hissədən sonra “Kələkbaz” tamaşası nümayiş olunub. Tamaşada valideynlər və uşaqlar, həmçinin qonşular arasında münasibətlər mövzusuna toxunlub.
Tamaşada Qrişa Qusev rolunu xalq artisti Habil Quliyev, kələkbaz şagird Dima Koreşkov rolunu Səyyad Əliyev, şagirdin atası Oleq Koreşkov rolunu Sücəddin Mirzəyev, anası Nina Koreşkova rolunu Qızılgül Quliyeva ifa ediblər.
Rus dilindən Azərbaycan dilinə tərcümə edən Azərbaycan Yazıçılar İttifaqının üzvü Ağəddin Babayevdir.
G.Qəmbərova