2015-ci il noyabr ayının 4-6-da Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə növbəti Xəzər texniki sərgi və konfransı keçiriləcək. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Tədbir SOCAR-ın dəstəyi ilə təşkil olunacaq.
Bu, Azərbaycanda keçirilən ilk texniki konfransdır və ölkənin neft-qaz sahəsinin inkişafı üçün zəruri olan ən yeni texnologiyalara həsr olunub.
Konfransın həmsədrləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və BP şirkətinin yataqların işlənməsi üzrə vitse-prezidenti Martin Smitdir.
Konfransın proqramına tematik diskussiya və texniki sessiyalar daxil edilib. Sessiyalar quyuların qazılması və qazma işlərinin başa çatdırılması, mexanikləşdirilmiş hasilat texnologiyasının tətbiqi, təbii sərvətlərin səmərəli istifadəsi, geologiya və petrofizika, istehsal proseslərinin təhlükəsizliyi, neft hasilatının artırılma metodları, lay sistemlərinin və dinamik proseslərin təsviri və s. mövzulara həsr olunacaq.
Konfransa hasilat, servis və konsaltinq şirkətlərinin, hökumət və tənzimləyici orqanların və təşkilatların, eləcə də tədqiqat mərkəzlərinin nümayəndələrinin qatılması gözlənilir.
Cəmiyyətin texniki konfransı ilə paralel olaraq Azərbaycan Milli Geofiziklər Komitəsi və Kəşfiyyat Geofizikası üzrə Mütəxəssislər Cəmiyyəti tərəfindən təşkil edilmiş IX Beynəlxalq Geofizika Konfransı təşkil olunacaq. Eləcə də Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti ilə Avropa Mühəndis Geoloqlar və Geofiziklər Assosiasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.
Konfranslarda 700-dən çox yerli və xarici nümayəndənin iştirakı gözlənilir.
I Xəzər texniki konfransı ötən il Qazaxıstanın Astana şəhərində keçirilib. Tədbirdə 450-dən çox mütəxəssis iştirak edib.
N.Abbasova