Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiyanın Kostroma şəhərində keçiriləcək “Konstruktiv coğrafi fikirlər və fundamental coğrafi tədqiqatların inkişafı” mövzusunda elmi sessiyada ölkəmizi təmsil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Sessiya 24-27 sentyabr tarixlərində keçiriləcək. Tədbirdə Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və digər ölkələrin alim və mütəxəssisləri iştirak edəcəklər.
19-cu sessiya Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası (EABA) və Rusiya Elmlər Akademiyasının(REA) Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi şuralarının birgətəşkilatçılığı ilə keçiriləcək.
Azərbaycanlı alim “Azərbaycanda struktur-geomorfoloji tədqiqatların inkişafı (İ.P.Gerasimovun fikirləri əsasında)” mövzusunda məruzə ilə çıxış edəcək.
A.Zeydullayeva