Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Gələn il üçün dövlət büdcəsi bir barel neftin orta qiyməti $50 olmaqla hazırlanıb.
Layihəyə əsasən, 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat (2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə azalma 25,1%), xərcləri 16 mlrd. 264 mln. manat (azalma 22,9%) səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 602 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 590 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 6 mlrd. manat səviyyəsində planlaşdırılır, qalan məbləğ digər gəlirlərin payına düşür.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 416,9 mln. manat, müdafiə sahəsinə 1 mlrd. 837,8 mln. manat, təhsil sahəsinə 1 mlrd. 713,5 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 896,6 mln. manat, səhiyyə sahəsinə 744,9 mln. manat səviyyəsində nəzərdə tutulub.
Bundan başqa, 2016-cı il üçün dövlət büdcəsində əsaslı kapital qoyuluşları 3 mlrd. 554,8 mln. manat, dövlət borcunun ödənilməsi xərcləri 1 mlrd. 249,8 mln. manat həcmində nəzərdə tutulur. Qalan məbləğ digər xərclərin payına düşüb.
2016-cı il üçün dövlət büdcəsinin kəsiri 1 mlrd. 698 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov