Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə sıx əməkdaşlıq etmək niyətindədir. Bu barədə baş prokuror Zakir Qaralov İsveçrənin Sürix şəhərində BPA-nın 20-ci yubiley İllik Konfransında çıxışı zamanı bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Z.Qaralov çıxışında Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək ikili standartlar siyasətinin bariz nümunəsi olan bu sənədin qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamı olduğunu qeyd edib.
Bəyanatda qeyd olunub ki, son zamanlar Azərbaycan Respublikasında bir sıra iqtisadi, vergidən yayınma və vəzifə cinayətləri törətmiş qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslərin fəaliyyəti istintaq orqanları tərəfindən ifşa edildikdə və məhkəmələr tərəfindən qanunla nəzərdə tutulmuş qaydada qərarlar qəbul edildikdə bəzi beynəlxalq qurumlar tərəfindən subyektiv mülahizələrə əsaslanan birtərəfli və qərəzli münasibət bildirilir. Azərbaycan nümayəndə heyəti bildirib ki, bu kimi hərəkətlər istintaqın və məhkəmənin obyektiv aparılmasına süni əngəllər yaratmaqla bərabər beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır, həmçinin Azərbaycan Respublikası Avropa İttifaqına daxil olmadığı halda Azərbaycan dövlətinə, xalqımızın milli və mənəvi dəyərlərinə qarşı yönəlməklə ölkənin daxili işlərinə müdaxilə və ədalət mühakiməsinə təzyiqdir, Avropa İttifaqı-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlığa və bu əlaqələrin gələcəyinə kölgə salır.
Konfransın anti-korrupsiya məsələlərinə həsr olunmuş xüsusi sessiyasında Azərbaycanın müsbət təcrübəsi qeyd edilib. Xüsusilə BPA-nın prezidenti Qerhard Yaroş çıxış edərək diqqəti şəxsən şahidi olduğu “ASAN xidmət”in fəaliyyətinə cəlb edib, xarici dövlətləri onun təcrübəsi ilə yerində tanış olub ölkələrində tətbiqinə çağırıb.
BPA-nın ali orqanı olan Ümumi Yığıncaqda qurumun rəhbər orqanlarına seçkilər keçirilib, növbəti İllik Konfransın 2016-cı ilin sentyabr ayında İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınıb.
Tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Assosiasiyanın prezidenti Q.Yaroş, həmçinin İsveçrənin baş prokuroru Maykl Lauber, Rusiyanın baş prokuroru Yuri Çayka, eləcə də Qazaxıstan, Ukrayna, Albaniya, Çin, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
Dünya prokurorlarının yeganə qlobal təşkilatı olan və 140-dan çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilib.
Y.Əliyev