Asiya İnkişaf Bankı (AİB) 2015-ci ildə Azərbaycanda ÜDM-in artımını 3% səviyyəsində proqnozlaşdırır ki, bu da mart ayının proqnozuna uyğun gəlir. Bu barədə bankın saytında dərc edilmiş “Asian Development Outlook 2015 Update” icmalında məlumat verilir.
2016-cı ildə bank Azərbaycanda iqtisadi artım proqnozunu 2,8% səviyyəsində təsdiq edib.
AİB respublikada inflyasiya proqnozunu da dəyişməyib: 2015-ci ildə 6%, 2016-cı ildə 5,5%. “ 2015-ci ilin I yarısında Azərbaycanda orta illik inflyasiya ötən ilin müvafiq dövrünün 1,6%-lik göstəricisinə qarşı 3,5% təşkil edib. İnflyasiyanın sürətlənməsi manatın devalvasiyası (2015-ci ilin fevral ayında 33,5% - İF-Az) ilə əlaqədar olub”,- deyə məlumatda bildirilir.
“Dünya bazarlarında neftin qiymətlərinin azalmasını nəzərə alaraq, AİB Azərbaycanın tədiyə balansının profisiti üzrə proqnozu pisləşdirib. 2015-ci ilin yekunları üzrə bank tədiyə balansının profisitini ÜDM-in 6%-i (cari ilin mart ayında proqnoz ÜDM-in 12%-ni təşkil edib - İF-Az), 2016-cı ildə ÜDM-in 8%-i (ÜDM-in 13,4%-i) səviyyəsində olacağını gözləyir. Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycan neftinin ixracı azalacaq, respublikaya idxalın həcmi isə artacaq. Bunun əsasında 2015-2016-cı illərdə tədiyə balansının profisiti ilkin proqnozdan aşağı olacaq”, - deyə sənəddə qeyd edilir.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in artımını 3,3%, 2016-cı ildə 1,8% səviyyəsində proqnozlaşdırır.
A. Əzizov